İran-ABŞ müharibəsinin regionun yalnız siyasi-iqtisadi mənzərəsinə deyil, eyni zamanda sosial-psixoloji mühitinə də ciddi təsir göstərəcəyi qaçılmazdır. Müharibəyə məhz sosial kontekstdən yanaşan ekspertlər isə məsələyə birmənalı yanaşmırlar.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Hafta.az-a müsahibəsində proseslərin arxasında duran fərqli maraqlar və müxtəlif güc mərkəzlərindan də danışıb.
- Mümkün miqrasiya axını cəmiyyətin sosial-psixoloji mühitinə hansı təsirləri göstərə bilər?
- ABŞ və İsrailin İrana hərbi hücumunun miqrasiyaya səbəb olacağını düşünmürəm və bu barədə bəzi media resurslarında körüklənən və sosial şəbəkələrə tirajlanan məlumatlar, əsasən Rusiyadan və Kremlin xaricdəki əlaltıları tərəfindən Azərbaycanın informasiya məkanına ötürülən məqsədyönlü və əsassız iddialardır və özündə Moskvanın ənənəvi hibrid informasiya savaşının elementlərini daşıyır. Bu baxımdan istisnasız olaraq deyə bilərəm ki, ABŞ və İsrailin İrana qarşı davam edən hücumlarının genişmiqyaslı miqrasiya və ya qaçqın axını yaradacağı barədə iddialar daha çox siyasi və informasiya manipulyasiyası xarakteri daşıyır, nəinki real təhlükəsizlik göstəricilərinə əsaslanır. Bu reallığı görmək üçün ilk növbədə əməliyyatların xarakterinə baxmaq lazımdır. ABŞ və İsrailin İrana qarşı addımları klassik genişmiqyaslı işğal və ya total müharibə formatında deyil. Zərbələr əsasən hərbi və strateji obyektlərə yönəlib, dövlət strukturlarının tam iflası və ya ölkə daxilində idarəetmənin çökməsi müşahidə olunmur. Qaçqın böhranları isə adətən nəzarətin tamamilə itirildiyi, şəhərlərin infrastrukturunun sistemli şəkildə dağıldığı, vətəndaş müharibəsi və uzunmüddətli qeyri-müəyyənliyin yarandığı hallarda meydana çıxır. Digər tərəfdən, İran regionun ən böyük dövlətlərindən biridir və geniş daxili miqrasiya imkanlarına malikdir. Lokal hərbi risklər hətta genişmiqyaslı şəhər və ya bölgələrarası miqrant axınına çevrilmir, o ki qalmışdı, bu ölkələrarası xarakter alsın. Yaxın Şərq təcrübəsi göstərir ki, qaçqın böhranları daha çox dövlətin süqutu və vətəndaş müharibəsi fonunda yaranır. İranda isə vətəndaş müharibəsinin baş verməsi ehtimalı demək olar ki, yoxdur. Qeyd edim ki, İrandan hətta beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı səviyyəsində qaçqın axını barədə proqnozlar verilməyib. Humanitar risklərlə bağlı çağırışlar olsa da, bu, sistemli miqrasiya böhranı anlamına gəlmir. Miqrasiya ilə bağlı şişirdilmiş ssenarilər Azərbaycan informasiya məkanında spontan şəkildə yaranmır. Bu tezislərin əsas yayım mənbələri kimi uzun illərdir regionda informasiya təsiri alətlərindən istifadə edən Rusiya və Moskva mərkəzli media və analitik platformalar çıxış edir. Bu resursların məqsədi Azərbaycanda ictimai narahatlıq fonu yaratmaq, İranla sərhədi təhlükəsizlik böhranı kimi təqdim etmək, regionda sabitlik modelini zəiflətməkdir. Real hərbi hadisəni götürərək onun nəticələrini maksimal həddə qədər şişirtmək və ictimai rəyə “böhran” kimi təqdim etmək Rusiyanın klassik informasiya-psixoloji təsir alətidir. Rusiya, nəyin bahasına olursa-olsun, istənilən hadisədən istifadə edərək, postsovet məkanında təhlükəsizliklə bağlı xof yaratmaq və özünü “təhlükəsizliyə təminat verə biləcək yeganə güc” kimi təqdim etməyə çalışır. Azərbaycan regionun miqrasiya proseslərini uzun illərdir nəzarətdə saxlayan və sərhəd təhlükəsizliyi mexanizmlərini gücləndirmiş dövlətdir. Ölkəmiz dövlət institutlarının fəaliyyəti və regional koordinasiya mexanizmləri ilə istənilən riski idarə etmək imkanına malikdir. Bütövlükdə isə, ABŞ və İsrailin İrana qarşı hazırkı əməliyyatlarının qaçqın axını yaradacağı barədə iddialar faktiki hərbi dinamika ilə uyğun gəlmir. Bu tezislər daha çox geosiyasi manipulyasiya və informasiya təxribatı elementləri daşıyır. Reallıq isə ondan ibarətdir ki, qaçqın böhranı üçün zəruri olan struktur şərtlər hazırkı mərhələdə mövcud deyil.
Ən önəmli məqam isə, İranda, Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz evlərinə, yurdlarına sonsuz bağlılığı, hətta avtoritar rejimin uzun illərdir davam edən basqısı altında belə öz vətənlərini tərk etməmələridir.
- Yerli əhali ilə miqrantlar arasında potensial gərginliyin yaranma səbəbləri nədən ibarət ola bilər? Multikultural dəyərlərin qorunması və inteqrasiya siyasətinin səmərəli qurulması üçün hansı yanaşmalar daha məqsədəuyğundur?
- Əgər soydaşlarımızdan kimlərsə müəyyən bir zaman kəsiyində ölkəmizə gəlmək istəyərlərsə, evimizin qapısı qardaş və bacılarımızın üzünə hər zaman açıqdır. Hansı gərginlikdən söhbət gedə bilər? Biz eyni millətin övladlarıyıq, eyni qanın, mədəniyyətin daşıyıcılarıyıq. Təbrizdə, Zəncanda, Urmuda, Ərdəbildə, Xoyda, Səlmasda və digər yurd yerlərimizdə yaşayan soydaşlarımızın bizdən nə fərqi ola bilər ki? Onlar bizim canımızdır, doğmamızdır, bizim özümüzdürlər. Mən soydaşlarımızın gələcəklərini öz qədim tarixlərinə, yüksək mədəniyyətlərinə, vətən sevdalarına uyğun gələn bir şəkildə quracaqlarına inanıram.
Miqrant axınına gəldikdə isə, bu heç vaxt baş verməyəcək, bu istisnadır.
- Sosial şəbəkələrdə yayılan təxribat xarakterli çağırışların ictimai sabitliyə təsirinin qarşısı necə alınmalıdır?
- Birinci növbədə marifləndirmə işi davamlı şəkildə aparılmalı, təxribatların içərisində yer alan şəxslərə qarşı hüquqi müstəvidə sərt addımlar atılmalıdır. Moskvanın xarici ölkələrdəki təxribatçı şəbəkəsinin ifşa edilməsi və onların fəaliyyəti haqqında hazırda yaşadıqları, yaxud məskunlaşdıqları ölkələrin qarşısında məsələ qaldırılmalı və Azərbaycanın vətəndaş cəmiyyəti institutları, media resursları bu prosesdə fəal iştirak etməlidirlər. Türkiyə və digər türk dövlətləri ilə ikitərəfli əlaqələr və TDT çərçivəsində informasiya təxribatlarına qarşı birgə mübarizəni gücləndirmək məqsədilə davamlı iş aparılmalı, proses sürətləndirilməlidir.
- Dövlət–cəmiyyət münasibətlərində qarşılıqlı etimadın qorunması bu prosesdə hansı əhəmiyyətə malikdir?
- Azərbaycan xalqı və dövləti iki fərqli anlayış deyil, dövlət xalqdır, xalq da dövlət. Bizim ən böyük üstünlüyümüz və tarixi nailiyyətimiz dövlətimizlə bütövləşməyimizdir. Bu baxımdan, söhbət qarşılıqlı etimaddan deyil, özünə inamdan getməlidir. Azərbaycan xalqının-dövlətinin özgüvəni isə ən yüksək səviyyədədir və bu reallığı bu günədək kimsə dəyişə bilmədiyi kimi bundan sonra da dəyişə bilməyəcək.
Hesab edirəm ki, biz bir o qədər də uzaq olmayan gələcəkdə bölgənin təhlükəsizlik və inkişaf mexanizmlərinin formalaşdırılması ilə bağlı yeni bir mərhələyə qədəm qoyacağıq və Azərbaycan bu prosesin lider dövləti kimi öz missiyasını uğurla həyata keçirəcək.
- Azərbaycanın balanslı və praqmatik xarici siyasət kursunun qorunması üçün hansı diplomatik alətlər ön plana çıxmalıdır?
-Azərbaycanın xarici siyasəti balanslı deyil, istisnasız olaraq, milli maraqlara söykənən və çoxvektorlu siyasətdir. Bu günədək əldə olunan nəticələr ölkəmizin xarici siyasətinin kifayət qədər uğurlu olduğunu söyləməyə əsas verir. Bu siyasətin eyni uğurla davam etdiriləcəyinə əminəm.
- Humanitar öhdəliklərlə milli təhlükəsizlik maraqları arasında tarazlıq necə qorunmalıdır?
- Humanitar öhdəliklərlə milli təhlükəsizlik maraqları arasında tarazlığın qorunması müasir dövlətlər üçün ciddi sınaqdır. Lakin bu tarazlıq mümkündür və praktik nümunəsi də mövcuddur. Azərbaycanın son illərdə formalaşdırdığı siyasi model göstərir ki, humanizm və təhlükəsizlik düzgün idarəetmə şəraitində bir-birini tamamlayan anlayışlardır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq humanitar təşəbbüslərdə fəal iştirak edir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilmiş humanitar prinsiplərə uyğun fəaliyyət göstərir, müxtəlif ölkələrə humanitar yardım göndərir, pandemiya dövründə onlarla dövlətə tibbi və maliyyə dəstəyi təqdim edib. Eyni zamanda ölkə beynəlxalq humanitar əməkdaşlıq platformalarının fəal iştirakçısıdır və bu sahədə təşəbbüskar mövqe nümayiş etdirir. Lakin Azərbaycanın yanaşmasını fərqləndirən əsas cəhət humanitar siyasətin milli təhlükəsizlik konsepsiyası ilə uzlaşdırılmasıdır. Məlum olduğu kimi, ölkəmiz uzun illər boyu işğal faktı ilə üz-üzə qalıb, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarını qorumaq məsuliyyətini daşıyıb. Bu prosesdə həm sosial-humanitar təminat mexanizmləri qurulub, həm də daxili sabitlik və təhlükəsizlik uğurla qorunub. Ərazi bütövlüyümüzün bərpasından sonra isə dövlət siyasətimizin mahiyyətini təşkil edən humanitar yanaşma yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və reinteqrasiya proqramları həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və mərhələli şəkildə qayıdışı təmin edilir. Bu prosesdə əsas prinsip həm insan hüquqlarının qorunması, həm də təhlükəsizlik risklərinin minimuma endirilməsidir. Ərazilərimizin minalardan təmizlənməsi, infrastrukturun qurulması, müasir idarəetmə sistemlərinin tətbiqi və sosial adaptasiya mexanizmlərinin yaradılması paralel şəkildə aparılır. Azərbaycan modeli göstərir ki, humanitar məsuliyyət sərhədlərin nəzarətsiz açılması və ya təhlükəsizlik mexanizmlərinin zəiflədilməsi demək deyil. Əksinə, humanitar siyasət risk analizləri, hüquqi prosedurlar və effektiv dövlət nəzarəti ilə müşayiət olunmalıdır. Xüsusilə regional geosiyasi proseslər və informasiya manipulyasiyaları fonunda miqrasiya məsələlərinin təzyiq alətinə çevrilməsi ehtimalı nəzərə alınır və dövlət bu sahədə preventiv tədbirlər həyata keçirir. Eyni zamanda Azərbaycan multikulturalizm və dini tolerantlıq modelini qoruyaraq humanitar dəyərlərin cəmiyyət daxilində harmonik şəkildə yaşamasını təmin edir. Müxtəlif etnik və dini qrupların dinc yanaşı yaşaması, dövlətin sosial inteqrasiya siyasəti və vətəndaş həmrəyliyi milli təhlükəsizliyin mühüm dayaqlarından biridir. Beləliklə, Azərbaycanın təcrübəsi sübut edir ki, humanitar öhdəliklərlə milli təhlükəsizlik maraqları arasında tarazlıq abstrakt nəzəriyyə deyil, real idarəetmə modelidir. Bu model üç əsas sütuna - beynəlxalq hüquqa hörmət, güclü dövlət institusiyaları və strateji təhlükəsizlik planlaşdırmasına söykənir. Humanizm güclü və məsuliyyətli siyasətin göstəricisidir. Təhlükəsizlik isə sərtlik yox, hüquqi və rasional idarəetmə deməkdir. Azərbaycan bu iki anlayış arasında praktik balans yarada bilən dövlət kimi çoxlarına nümunə ola bilər.
Tahirə Qafarlı